HƏRBÇİ AİLƏLƏRİ EVLƏRİNDƏN ZOR GÜCÜNƏ ÇIXARILDI



HƏRBÇİ AİLƏLƏRİ EVLƏRİNDƏN ZOR GÜCÜNƏ ÇIXARILDI













Dünən-fevralın 27-də xəbərdarlıq edildiyi kimi bu gün Bayıl qəsəbəsində Bayraq meydanının yaxınlığındakı hərbi şəhərcikdəki evlər sakinlər mənzillərində ola-ola sökülüb. Bakı şəhər icra hakimiyyəti rəhbərliyindən, Səbail rayon icra hakimiyyətindən gələn göstəriş əsasında Azəryolservisin fəhlələri texnikanın köməyi ilə, eləcə də qol gücünə evləri sakinlərin başına uçurublar. Mənzilləri tərk etmək istəməyən ailələr hamının gözü qarşısında zor gücünə evlərindən çıxarılıblar. Polis qadınlar, qocalar və yaşlılarla kobud davranıb. Qadınların çığırtısına, uşaqların göz yaşına məhəl qoyulmayıb. Hətta səhhəti pisləşdiyinə görə sakinlərdən biri üçün təcili tibbi yardım çağrılıb. Hökumət nümayəndələri sakinlərin hüquqlarını məhkəmədə müdafiə edən vəkil Mehman Əliyevin qanuna əsaslanan tələb və etirazlarına etinasız yanaşıblar. Əraziyə çoxlu sayda polis cəlb edilib, icra hakimiyyətinin nümayəndələri, sakinlər, jurnalistlər buraya toplaşıblar. Polis hətta jurnalistlərin işinə mane olmaqdan, "Azadlıq" radiosunun və "Azadlıq" qəzetinin əməkdaşlarına təzyiq göstərməkdən çəkinməyib. "Obyektiv tv-"nin operatorunu ərazidən uzaqlaşdırmağa cəhdlər edilib.

Qeyd edək ki, Bakı-Ələt maqistral yolunun yenidən qurulmasıyla əlaqədar söküldüyü iddia edilən evlərin sökülməməsi haqda vətəndaşların əlində məhkəmə qərarı var. Azərbaycan məhkəməsində verilən qərarın hüquqi əsas olduğuna güvənən, onun yerinə yetiriləcəyinə ümid bəsləyən sakinlər son anacan evlərini tərk etməkdən imtina ediblər. Onlar evlərin sökülməsinin qarşılığında təklif edilən 10 min manat vəsaitin bir otaqlı mənzil almağa belə yetmədiyini iddia edərək yeni evlərlə təmin olunmalarını, yaxud mənzillərin sahəsinin bazar qiymətlərinə uyğun dəyərləndirilməsini tələb ediblər. Bir neçə aydan bəri davam edən çəkişmənin sonunda bu gün daha iki hərbiçi ailəsi evsiz qalıb. Bakı şəhəri Səbail rayonu Aqil Quliyev küçəsi ev 4 A ünvanında yaşayan Svetlana və Emil Əzizovların, Gültəkin və İlqar Allahverdiyevlərin iyirmi il yaşadıqları evlər yerlə yeksan edilib.

Комментариев нет:

Отправить комментарий